Hakimə Şirəlizadə İsveçin Stokholm şəhərində fəaliyyət göstərən təcrübəli süni intellekt tədqiqatçısıdır. O, telekommunikasiya sahəsində izah edilə bilən süni intellekt, neyron şəbəkələrdə qeyri-müəyyənliyin kəmiyyətləşdirilməsi və etibarlı süni intellekt sistemləri üzrə ixtisaslaşıb. Fəaliyyəti sənaye standartlarına, tənzimləyici tələblərə və formalaşmaqda olan süni intellekt idarəçiliyi çərçivələrinə uyğun olaraq süni intellekt sistemlərinin hazırlanması və qiymətləndirilməsinə yönəlib.
Hakimə "Ericsson AB" şirkətində telekommunikasiya sahəsində süni intellekt sistemləri üzrə risklərin təhlili üzrə işçi qrupuna rəhbərlik edir. O, həmçinin yüksək riskli süni intellekt tətbiqlərinə xüsusi diqqət yetirməklə, Aİ-nin Süni İntellekt Aktı üzrə standartlaşdırma prosesinə töhfə verən İsveçin milli eksperti kimi fəaliyyət göstərir.
Hakimə Şirəlizadə bakalavr təhsilini Bakı Dövlət Universitetində və Orta Doğu Texniki Universitetində Biznes statistikası və İqtisadiyyat ixtisasları üzrə alıb. Magistr dərəcəsini isə Linköpinq Universitetində Beynəlxalq Təşkilatlarda Strategiya və İdarəetmə ixtisası üzrə əldə edib.