Bakıda “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfrans keçirilib

24.10.2025

Bakıda “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfrans keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşəbbüsü ilə Bakıda “SOCGOV 2025: Süni intellekt insan və transformasiya üçün” adlı beynəlxalq konfrans keçirilib.

“Gülüstan” sarayında təşkil olunan konfransda hökumət rəsmiləri, millət vəkilləri, qeyri-hökumət, beynəlxalq təşkilatların nümayəndələri, yerli və beynəlxalq ekspertlər, 20-yə yaxın ölkədən 350 nəfərə yaxın şəxs iştirak edir. Tədbir DOST Agentliyinin fəaliyyətinə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev tədbiri giriş sözü ilə açaraq bildirib ki, bu  konfrans, eyni zamanda DOST Agentliyinin yeni “SocGov” brendinin ilk dəfə təqdim olunması ilə sosial idarəetmədə innovasiyaların və düşüncə tərzinin yeni mərhələsinin başlanğıcını ifadə edir.

Prezident cənab İlham Əliyevin sosial sahədə siyasətinin mərkəzində insan amilinin dayandığını bildirən nazir bunun nəticəsi olaraq son illərdə sosial sahədə ardıcıl və dərin islahatların həyata keçirildiyini, 2018–2025-ci illərdə reallaşdırılan 5 böyük sosial islahat paketinin nailiyyətlərini, sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdırıb.

Sosial ədalətin, şəffaflığın təminatı, sosial sahədə xidmətlərin operativ göstərilməsi, inzibati metodlardan xidmət modelinə keçid istiqamətində aparılan işləri qeyd edən Anar Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının bu istiqamətdə mühüm əhəmiyyətini vurğulayıb. O, DOST konsepsiyasının beynəlxalq uğurlarını, bir sıra ölkələrdə - Moldova, Özbəkistan və Serbiyada bu təcrübənin tətbiqinə xüsusi maraq göstərildiyini qeyd edib. Dövlət sosial xidmətlərinin elektronlaşdırılması istiqamətində son illər atılan mühüm addımları, Nazirliyin 18 altsistem, 4 reyestrdən ibarət olan Mərkəzləşdirilmiş elektron informasiya sisteminin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiya edildiyini, Nazirlik üzrə 150 xidmətin 90 faizdən çoxunun rəqəmsal platformadan, onlardan 52 xidmətin proaktiv qaydada təqdim edildiyini vurğulayıb.

Anar Əliyev bildirib ki, “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə dövlət qurumları arasında 3 ildir ki, 1-ci yeri tutan Nazirlik son illərdə 250-yə yaxın beynəlxalq tanınma və mükafata layiq görülüb. Bu nailiyyətlər ölkəmizin sosial idarəetmə modelinin beynəlxalq aləmdə etibarlı, innovativ və insan mərkəzli bir nümunə kimi tanındığını göstərir.

Nazir süni intellekt texnologiyalarının tətbiqi istiqamətində Nazirliyin Strategiyası çərçivəsində hazırlanmış 3 illik Yol Xəritəsinə uyğun şəkildə işlərin aparıldığını qeyd edib. O, “Əlillik” altsistemində tətbiq edilən süni intellekt əsaslı funksionallıq vasitəsilə tibbi göndərişlərdə mətn analizinin həyata keçirildiyini, bu altsistemdə süni intellekt əsaslı məsləhət mexanizminin də hazırlanmaqda olduğunu bildirib. Bu mexanizmin qərarvermə prosesini sürətləndirməklə, obyektivlik və şəffaflığı daha da artıracağını, süni intellekt həllərinin məşğulluq və reabilitasiya sahələrində də tətbiqinin nəzərdə tutulduğunu, Nazirliyin bütün fəaliyyət sahələrində bu həllərin tətbiqinin strateji hədəflərdən olduğunu vurğulayıb.

Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Ahmet Aydın və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva çıxış ediblər. Onlar süni zəkanın sosial həyata təsirinin və sosial transformasiya sahəsində aktual mövzuların müzakirə olunduğu belə bir konfransın təşkil olunmasının əhəmiyyətini vurğulayıblar.

Tədbir panel müzakirələri ilə davam edir. “Rəqəmsal dövlət və süni intellektlə transformasiya”, “Sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik” və “Əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq” mövzularında keçirilən panel müzakirələrində yerli və beynəlxalq ekspertlər təmsil etdikləri qurumların təcrübələrini bölüşür, sosial xidmətlər sahəsində innovativ yanaşmaların və müasir texnologiyaların tətbiq edilməsi ilə bağlı fikir və təkliflərini səsləndirirlər. Konfransda xarici nümayəndələrə təşəkkürnamələr və simvolik hədiyyələr təqdim edilməsi də nəzərdə tutulub.

24.10.2025

Digər xəbərlər

Bütün xəbərlər
Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək
18.06.2026

Xankəndi “SocGov 2026” beynəlxalq konfransına ev sahibliyi edəcək

Bu ilin oktyabr ayında Xankəndi şəhərində “SocGov2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” adlı beynəlxalq konfransın keçirilməsi planlaşdırılır.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin təşkilatçılığı ilə keçiriləcək tədbir sosial idarəetmə, rəqəmsal transformasiya və innovativ həllər sahəsində beynəlxalq müzakirə və əməkdaşlıq platforması kimi nəzərdə tutulur. Məqsəd sosial sahədə qlobal əməkdaşlığı və təcrübə mübadiləsini gücləndirmək, innovativ texnoloji həlləri təşviq etmək, inklüziv dəyərlərin möhkəmlənməsinə töhfə verməkdir.Tədbirdə rəqəmsal təhlil, süni intellekt, etik idarəetmə və data əsaslı qərarvermə kimi mövzular müzakirə olunacaq.Konfransda müxtəlif ölkələrin, beynəlxalq təşkilatların, innovasiya və texnologiya sahəsində fəaliyyət göstərən tərəflərin nümayəndələri, ekspertlər və tədqiqatçıların iştirakı nəzərdə tutulur.Tədbir çərçivəsində “Sosial sahədə süni intellekt əsaslı rəqəmsal həllər”, “Sosial könüllülük və vətəndaş təşəbbüsləri”, “Sosial inkişafa elmi töhfə”, “Regional sosial təşəbbüs” nominasiyaları üzrə müsabiqə keçiriləcək.
Ətraflı məlumat
SOCGOV 2025: Azərbaycanda Süni Zəka və Transformasiya üzrə Beynəlxalq Konfrans
05.06.2025

SOCGOV 2025: Azərbaycanda Süni Zəka və Transformasiya üzrə Beynəlxalq Konfrans

Bu ilin oktyabr ayında Bakıda “SOCGOV 2025: Süni zəka İnsan və Transformasiya üçün” adlı beynəlxalq konfrans keçiriləcək. Tədbir DOST Agentliyi tərəfindən təşkil olunacaq. Konfrans süni zəka, texnoloji transformasiya və insan cəmiyyəti sahələrində ixtisaslaşmış dövlət rəsmiləri, yerli və beynəlxalq ekspertləri, eləcə də alimləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirəcək.
Ətraflı məlumat
Sosial xidmətlərin gələcəyinə Azərbaycan imzası
18.09.2025

Sosial xidmətlərin gələcəyinə Azərbaycan imzası

Müasir dövrdə sosial xidmətlərin inkişafı və rəqəmsal texnologiyaların bu sahəyə inteqrasiyası dövlət-vətəndaş münasibətlərinin yeni mərhələsini formalaşdırır. Azərbaycan bu istiqamətdə öncül təşəbbüsləri ilə seçilir və bu il ölkəmizdə keçiriləcək ilk "SOCGOV 2025" beynəlxalq konfransı qlobal miqyasda mühüm hadisə kimi qiymətləndirilir.
Ətraflı məlumat